Dövlət Gömrük Komitəsinin sədri İmişli şəhərində vətəndaşları qəbul edib
29 noyabr 2024 | 17:59
Noyabrın 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib. DGK sədri qəbuldan öncə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev ilə birgə İmişli şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda İmişli, Saatlı və Sabirabad rayon sakinlərinin müraciətləri dinlənilib.
Qəbuldan sonra İmişli Olimpiya İdman Kompleksində məktəblər arasında idmanın voleybol növü üzrə keçirilən yoldaşlıq görüşü izlənilib. Görüş başa çatdıqdan sonra hər iki komandaya diplomlar təqdim olunub. Çıxış edənlər bu idman növünün inkişaf etdirilməsi, uşaq və yeniyetmələrin voleybola cəlb olunması istiqamətində müxtəlif tədbirlərin həyata keçirildiyini bildiriblər. Həmçinin Ümummilli Lider Heydər Əliyevin hər zaman idmançılara qayğı göstərdiyi, onun idman siyasətinin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.