Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşləri şəhidi Cavid Dədəkişiyevin xatirəsi anılıb

11 aprel 2023 | 18:45
   Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri şəhid baş leytenant Cavid Gülbaba oğlu Dədəkişiyevin ailəsi ilə görüşüb. Cavid 1988-ci il iyulun 5-də İmişli rayonunun Qaralar kəndində anadan olub. O, 2006-cı ildə İmişli rayonunda Namiq Abışov adına tam orta məktəbi bitirib və elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2008-ci ildə motoatıcı ixtisası üzrə təhsilini davam etdirən Cavid Dədəkişiyev 2010-cu ilin 26 iyun tarixində leytenant rütbəsi almış, 2011-ci ildə Goranboy rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə vəzifəsinə başlamışdır. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər,Cəbrayıl və Füzuli istiqamətlərində başlayan şiddətli döyüşlərdə iştirak edib. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Cavid Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Aprelin 11-i isə doğulduğu İmişli rayonunun Qaralar kəndində son mənzilə yola salınıb.
  Ziyarət zamanı vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, ruhuna dualar oxunulub, ailə üzvlərinə səbir dilənilib. Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbi qulluqçularımızın döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb. Bildirilib ki, Aprel döyüşlərində qazanılan qələbənin davamı olaraq Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları ilə işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalandırılıb, şəhidlərimizin qisası düşməndən alınıb. Görüş zamanı Cavidin ailəsi onun igidliyindən, cəsurluğundan, vətənsevərliyindən danışıblar və şəhidin ailə üzvləri dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını bildiriblər.
Keçidlər