Antiterror tədbirləri zamanı yaralanan hərbi qulluqçumuz evində ziyarət olunub
04 oktyabr 2023 | 18:38
Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev RİH-nin məsul işçiləri ilə birlikdə 2023-cü il sentyabrın 19-da həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı yaralanan, İmişli rayonunun Telişli kəndindən olan hərbi qulluqçumuz çavuş Usubov Araz Hafiz oğlu ilə görüşüb. Görüş zamanı icra başçısı döyüşçünün sağlamlığı və müalicəsi, eyni zamanda ailənin qayğıları ilə maraqlanıb. Terrorçulara qarşı aparılan hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlığa və şəxsi şücaətə görə onu təbrik edib. Bildirib ki, Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 43 dəqiqəyə onları ağ bayraq qaldırmağa məcbur etdi və lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Söhbət zamanı yaralı döyüşçü öz təəssüratlarını bölüşüb. Hazırda müalicəsini evində davam etdirən Araz Usubov və ailə üzvləri göstərilən diqqət və qayğıya görə prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə ediblər.
Qeyd edək ki, Araz Usubov həm də Vətən müharibəsi iştirakçısıdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.