Allahmədətli kəndində vətəndaşlarla səyyar görüş keçirilib
16 avqust 2022 | 18:46
Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı dövlət başçısının qarşıya qoyduğu vəzifələr İmişli RİH rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. İcra başçısının və aparatın rəhbər işçilərinin keçirdikləri şifahi qəbullarla yanaşı mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar görüş-qəbullar keçirilir. Belə ki, RİH başçısı Elçin Rzayev növbəti səyyar görüşü bu gün rayonun Allahmədətli və Telişli kənd sakinləri ilə keçirib. Görüşdə RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar-görüş iştirakçıları şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad etdikdən sonra icra başçısı çıxış edərək sakinləri salamlamış, prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlarından danışaraq, bu uğurların xalqımızın ən ümdə arzularının gerçəkləşməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. O, çıxışında ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də İmişli rayonunda aparılan abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat verib. Sonra qəbulda vətəndaşlar tərəfindən qaldırılan hər bir məsələyə dair ətraflı müzakirələr aparılıb, onların həlli tədbirləri müəyyən edilib və aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.