Alman faşizmi üzərində qələbədən 77 il ötür
Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev RİH-in məsul işçiləri, YAP İmişli rayon təşkilatının əməkdaşları və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Böyük Vətən müharibəsinin iştirakçısı, rayonun Qaralar kəndindən olan Nuriyev Nəbi Balı oğlu ilə evində görüşüb. Görüş zamanı Böyük Vətən müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin əziz xatirələri anılıb.
Çıxış edən icra başçısı 9 May-Qələbə günü münasibəti ilə Nəbi kişini təbrik edib, ona ən xoş arzularını çatdırıb. Eyni zamanda İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının qəhrəmanlıqlarının heç vaxt yaddaşlardan silinməyəcəyini qeyd edib. Nəbi kişi isə Böyük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb, göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Digər çıxış edənlər də İkinci Dünya müharibəsində xalqımızın necə qəhrəmanlıq və fədakarlıqlar göstərdiklərindən danışıblar.
Qeyd edək ki, Böyük Qələbənin qazanılmasından 77 il ötsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş igid oğullarımızın xidmətləri daim xatırlanır. İkinci Dünya müharibəsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün əhəmiyyətli olmaqla yanaşı, həm də onların döyüş ruhunun formalaşmasında, qələbəyə doğru addımlarının mətin olması yolunda böyük önəm daşıyır. Otuz il ərzində Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış Azərbaycan xalqı 2020-ci il sentyabr ayının 27-də başlanan və 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazdı və qalib xalq olduğunu bütün dünyaya sübut etdi. Eyni zamanda ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixi, ata və babalarımızın igidlik, şücaət ənənələri daha da zənginləşdirildi.