İmişlidə şəhidlərin xatirəsinə daha bir abidə kompleksi inşa olunub
Bu gün İmişli rayonunun Qulubəyli kəndində şəhidlərin xatirəsinə həsr olunmuş abidə kompleksinin açılışı olub. Xatirə kompleksinin açılışında İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk öncə şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Açılışda çıxış edən icra başçısı bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücayət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız işğaldan azad olunub. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi, şəhidlərimizin qanı yerdə qalmadı. “Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb” -deyə icra başçısı qeyd edib. YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxış edərək birinci və ikinci Qarabağ müharibəsində İmişli rayonu Qulubəyli kəndindən şəhid olmuş 9 nəfər şəhidimizin də digər şəhidlərimiz kimi heç zaman unudulmayacağını söyləyib. Azərbaycan xalqı şəhidlərimizin xatirəsini daim yad edəcək, onların qəhrəmanlıqlarından hər zaman söhbət açacaqlar. Tədbirdə digər çıxış edənlər şəhidlərin qəhrəmanlıqlarından, vətənpərvərliklərindən söz açaraq onlarla bağlı xatirələrini bölüşüblər. Sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.