Cəfərli kəndində vətəndaşlarla səyyar görüş keçirilib
Aprelin 5-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən təsdiq olunmuş qrafikə əsasən rayonun Cəfərli kənd sakinləri ilə səyyar görüş-qəbul keçirilib. Səyyar görüşdə İcra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
RİH başçısı çıxış edərək kənd sakinlərini salamlayıb, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgələrə göstərdiyi xüsusi diqqət və qayğıdan, eləcə də əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışıb. İcra başçısı sakinlərdən öz problemlərini sərbəst olaraq dilə gətirmələrini xahiş edib. Sonra vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərə aydınlıq gətirilərək həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlər istiqamətində isə aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Kənd sakinləri onların problemlərin həlli ilə bağlı yerlərdə keçirilən görüşdən razı qaldıqlarını qeyd edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.