Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidinin adını əbədiləşdirən bulağın açılışı olub

20 yanvar 2022 | 16:00

Vətən müharibəsi şəhidi Şöhrət Cabbarovun xatirəsi doğulduğu İmişli rayonunun Ölcələr kəndində əbədiləşdirilib. Şəhidimizin adına inşa edilən bulağın açılışı münasibətilə bu gün keçirilən tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidin qohumları, yaxınları, kənd sakinləri və rayon ictimaiyyəti iştirak ediblər.

Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun, hərbçilərimizin Ali Baş Komandanın ətrafında yumruq kimi sıx birləşərək onun “İrəli!” əmrini layiqincə yerinə yetirdiklərini qeyd ediblər. Qazandığımız böyük Zəfərə görə canından keçərək şəhidlik zirvəsinə ucalan Şöhrət kimi oğullarımıza, sağlamlıqlarını itirən qazilərimizə bir ömür boyu minnətdar və borclu olduğumuz diqqətə çatdırılıb. Digər çıxış edənlər Şöhrətin qısa, lakin şərəfli ömür yolundan danışıblar. Məktəblilər isə vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Xatırladaq ki, Şöhrət Cabbarov Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər