İmişlidə daha bir Vətən müharibəsi şəhidinin doğum günü ailəsi ilə birlikdə qeyd olunub
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan igidlərimizdən biri də Kərimli Ramin Əli oğludur. O, 17 dekabr 1999-cu ildə İmişli rayonunun Qaragüvəndikli kəndində anadan olub. Şəhidimizin əziz xatirəsi doğum günündə rayonun Qaragüvəndikli kəndindəki qəbiristanlıqda məzarı yanında anılıb. Anım mərasimində Rayon İcra Hakimiyyətinin kollektivi, şəhidin yaxınları və məktəblilər iştirak ediblər. Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Mərasimdə çıxış edənlər bildiriblər ki, rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixi üçün nümunə olan əsl qəhrəmanlıq dastanı yazdı. Haqq savaşının sonunda Böyük Qələbə qazanıldı. Düşmənlə yanaşı, bütün dünya bir daha anladı və dərk etdi ki, Azərbaycan güclü dövlətdir və güclü ordusu var. Şəhidin yaxınları Ramin və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəklərini, qürur duyacaqlarını söylədilər. Sonda məktəblilərin ifasında şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib. Bununla yanaşı şəhidimizin ata ocağına gəlinərək ailənin qayğıları ilə maraqlanılıb, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə isə səbir dilənilib.
Qeyd edək ki, Ramin Kərimli Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.