İmişli “ASAN xidmət”də “Yaşıl dağ” sosial aksiyası keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Könüllülük” Məktəbi tərəfindən 5 dekabr-Beynəlxalq Könüllülər Günü münasibətilə İmişli regional “ASAN xidmət” mərkəzində tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, İmişli Rayon İcra Hakimiyyətinin məsul işçiləri, “ASAN Könüllülük” Məktəbinin rəhbəri Cahangir Hacıyev və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən İmişli şəhərində yerləşən Şəhidlər Xiyabanı ziyarət olunub. “Asan Park”da əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib, sonra açıq havada təşkil olunan tədbirə start verilib. Şəhidlərin xatirəsi sükutla anılıb, Dövlət Himni səsləndirilib. Çıxış edənlər bildiriblər ki, “Yaşıl ASAN” proqramının “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində reallaşan tədbirlərdən biri də “Yaşıl dağ” sosial aksiyadır. Məqsəd kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. “Yaşıl dağ” sosial aksiyasında 22 rayon iştirak edib və 200 tona yaxın kağız tədarük olunub. Toplanmış kağız tullantıları müqabilində əldə olunmuş vəsait qazilərin və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna ianə ediləcək. Tədbir zamanı aksiyada iştirak edən rayonların nümayəndələrinə sertifikatlar təqdim olunub. Sonda Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi tərənnüm edən musiqilər ifa ediblər.
VİDEOGÖRÜNTÜ aşağıdakı linkdə:
https://azertag.az/xeber/Imisli_ASAN_xidmetde_Yasil_dag_sosial_aksiyasi_kechirilib_VIDEO-1939782