Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə daha bir şəhidimizin xatirəsinə həsr olunmuş bulağın açılışı olub

14 noyabr 2021 | 16:00

Bu gün torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərdən birinin, Əzizli Sabir Hikmət oğlunun doğum günüdür. Şəhidimiz 1998-ci il noyabr ayının 14-də İmişli rayonunda anadan olub  Sabir Əzizli  Vətən müharibəsində əsgər kimi şərəfli döyüş yolu keçib. Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə ağır yaralansa da, döyüşlərə yenidən davam etmiş və döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.

Doğum günü mərasimində şəhidin yaxınları ilə yanaşı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və Aparatın məsul əməkdaşları iştirak edərək əvvəlcə şəhidimizin məzarını ziyarət ediblər, önünə gül-çiçək dəstələri qoyulub və ruhuna dualar oxunub. Sonra açılış mərasimində bulağın üzərindəki ağ örtük qaldırılıb, gül-çiçək dəstələri düzülüb. RİH başçısı çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açıb və həmin qələbədə payı olan Sabir kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. Sonra şəhidimizin ata ocağına gəlinərək ailənin qayğıları ilə maraqlanılmış, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirilmiş, Vətənimiz üçün gərəkli övlad böyütdükləri üçün onlara təşəkkür edilmiş və şəhid ailələri, Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyü diqqətə çatdırılmışdır.

Qeyd edək ki, düşmənə ağır zərbələr endirən şəhidimiz göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Keçidlər