Vətən Müharibəsi şəhidi Abas Şahbazovun doğum günü məzarı yanında qeyd edilib
Şanlı Zəfər yürüşündə qəhrəmanlıq göstərərək öz canından keçmiş şəhid oğullarımızdan biri də çavuş Şahbazov Abas Cavad oğludur. Yaşasaydı, bu gün qələbə sevincini və doğum gününü öz ailəsi ilə birlikdə qeyd edəcəkdi. O, 1996-cı il noyabr ayının 13-də İmişli rayonunun Qulubəyli kəndində anadan olub.
Şəhidimizin doğum günü münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul şəxsləri və hüquq mühafizə orqanlarının rəhbərləri tərəfindən Abasın məzarı ziyarət edilib, önünə gül-çiçək dəstələri düzülüb və əziz xatirəsi ehtiramla yad olunub. Sonra Abasın ata ocağına gəlinərək şəhidimizə bir daha Allahdan rəhmət, ailəsinə isə səbr dilənib. RİH başçısı qeyd edib ki, prezident cənab İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə müfakatlanması zamanı çıxışında “Mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır” dedi. Bu mükafatda Abas kimi oğullarımızın da əməyi var və onların sayəsində tarixi ədalət, beynəlxalq hüquq bərpa edilib. Görüş zamanı şəhidin atası Cavad Şahbazov onlara göstərilən diqqətə, qayğıya görə ölkə və rayon rəhbərliyinə öz minnətdarlığını bildirib.
Xatırladaq ki, Vətən Müharibəsi zamanı Abas Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 5-də Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.