İmişli şəhərində daha bir küçənin avtomobil yolu yenidən qurulub
İmişli şəhəri ərazisində avtomobil yollarının yenidən qurulması istiqamətində büdcədən ayrılmış vəsait hesabına görülən işlər davam etdirilir. Əhalinin kompakt yaşayış massivində və gediş-gəlişin çox olduğu nəzərə alınaraq şəhərin Məhəmməd Əsədov küçəsinin avtomobil yollarında əsaslı təmir işlərinin aparılması məqsədəmüvafiq hesab edilib. Bu səbəbdən ümumilikdə uzunluğu 700 metr olan avtomobil yoluna 5100 kv. metr asfalt örtük qoyularaq sakinlərin istifadəsinə verilib. Eyni zamanda küçədə müasir işıqlandırma sistemi quraşdırılıb və elektrik dirəklərində rənglənmə işləri aparılıb. Bundan əlavə İmişli Mənzil Kommunal İstehsalat Birliyinin texnika və işçi qüvvəsinin köməkliyi ilə küçədəki çoxillik ağaclarda budama işləri aparılıb. Belə ki, budama işləri aparılan zaman müvafiq aqrotexniki tədbirlər nəzərə alınıb və lazımi təhlükəsizlik qaydalarına da riayət olunub.
Qeyd edək ki, bu tədbirlərin icrası sözügedən ərazidə yaşayan əhalinin rahatlığını təmin edir və görülən işlərin vaxtında yekunlaşdırılması daima nəzarətdə saxlanılır.
(M.Əsədov küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)