Şəhid Neymət Həsənov doğum günündə anılıb
Bu gün İmişli Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən ll Qarabağ Müharibəsi şəhidi Həsənov Neymət Emin oğlunun doğum günündə xatirəsi anılıb. Şəhidin ailəsinə başsağlığı verilib və ruhu dərin hüznlə yad edilib. İcra başçısı və digər qonaqlar Vətən müharibəsində qazanılan şanlı Qələbənin Azərbaycan tarixində əbədi qalacağını bildiriblər. Qeyd ediblər ki, müharibənin taleyini müəyyənləşdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev və döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri oldu. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər Azərbaycan xalqının özünə inamını geri qaytardı, xalqın öz Liderinə etibarını daha da möhkəmləndirdi.
Yaşasaydı Neymətin 29 yaşı tamam olacaqdı. Şəhidimiz 11 noyabr 1992-ci il tarixində rayonun Qaralar kəndində anadan olub. Müharibədə kəşfiyyatçı kimi iştirak edib və noyabr 2-də şəhidlik zirvəsinə ucalıb. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Neymət ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.