Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Zəfər Günü ilə bağlı tədbir keçirilib

08 noyabr 2021 | 16:00

Bu gün İmişli rayonunda “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş  tədbir keçirilib. Tədbirdə Vətən Müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri ilə yanaşı, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi və rayon Şəhidlər Xiyabanı ziyarət edilərək əziz xatirələri ehtiramla yad olunub, abidə və məzarların önünə tər gül-çiçək dəstələri düzülüb. Tədbir çərçivəsində İmişli Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən hazırlanan rəsm əsərləri və əl işlərindən ibarət sərgi ilə tanış olunub. Sonra dövlət himni səsləndirilib və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən RİH başçısı sarsılmaz Qələbəmizin tarixi əhəmiyyətindən söz açıb, Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində keçdiyi şərəfli yolun gənc nəslə çatdırılması istiqamətində görülən işlərə toxunub. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi-deyə icra başçısı bildirib. Tədbir Mədəniyyət və incəsənət işçilərinin ifasında davam etdirilərək ədəbi bədii kompozisiyalar nümayiş olunub. Görüşün sonunda şəhid ailələri ilə xatirə şəkilləri çəkdirilib, onların qayğıları ilə maraqlanılıb.

Eyni zamanda İmişli rayonu ərazisində şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq müxtəlif növlərdə ağaclar əkilmiş və suvarma işləri aparılmışdır.

 

 

 

 

Keçidlər