İmişlidə çoxmənzilli yaşayış binalarının dam örtüklərində aparılan yenilənmə işləri başa çatdırılıb
İmişlidə rayonunda bütün sahələrlə yanaşı əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. İmişli şəhərinin “Meliorator” yaşayış məntəqəsində ötən əsrin 70-80-cı illərində inşa olunmuş çoxmənzilli yaşayış binalarında, inşa olunduğu vaxtdan dam örtüklərində təmir-bərpa işləri aparılmaması ilə əlaqədar mənzillərin yağış sularına məruz qalması halları yaşayışçıların problemlərinə səbəb olurdu. Artıq bu problem öz həllini tapıb. Belə ki, mövcud vəziyyət nəzərə alınaraq qeyd olunan yaşayış məntəqəsinin 7,8,9 saylı çoxmənzilli binalarının dam örtüklərində taxta materialların elementləri tam dəyişdirilmiş və müasir metal vərəqlərdən ibarət örtük materiallarından istifadə edilməklə yeni dam örtükləri qoyulmuşdur. Ümumilikdə qeyd olunan binalarda 2346 kv.metr dam örtüyü yenisi ilə əvəz olunub. Bu hal binalarda yaşayan 48 ailənin mənzil-məişət şəraiti üçün normal vəziyyət yaranmasına səbəb olmuşdur.
Qeyd edək ki, İmişli şəhərinin digər ərazilərindəki çoxmənzilli yaşayış binalarının dam örtüklərində gələcəkdə də yenilənmə işlərinin aparılması istiqamətində müvafiq tədbirlər nəzərdə tutulub.