Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Əmral Xəmmədovun doğum günündə xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub

02 oktyabr 2021 | 16:00

Şanlı Zəfər yürüşündə qəhrəmanlıq göstərərək öz canından keçmiş şəhid oğullarımızdan biri də Əmral Xəmmədovdur. Yaşasaydı, bu gün qələbə sevincini və doğum gününü öz ailəsi ilə birlikdə qeyd edəcəkdi. O, 2001-ci il oktyabr ayının 2-də İmişli rayonunun Çaxırlı kəndində anadan olub. Əmral 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Xüsusi Təyinatlı Dəstələrin əsgəri olaraq Murovdağ və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İgid döyüşçü oktyabrın 15-də Hadrut istiqamətində gedən döyüş zamanı şəhid olub. Əmralın döyüş meydanında göstərdiyi şücaəti Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda”, "Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına gorə ”medalları ilə təltif olunub.

Bulaq kompleksinin açılışından öncə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və hüquq mühafizə orqanlarının rəhbərləri tərəfindən şəhid Əmralın məzarı ziyarət edilib, önünə gül-çiçək dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib. Mərasim zamanı Əmralın xatirəsini əbədiləşdirən bulağın açılışını bildirən qırmızı lent kəsilib. Sonra 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı həmin müharibədə qəhrəman oğullarımızın göstərdiyi şücaətdən danışıb. Şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla hərb tarixinə adlarını qanları ilə yazdırdıqlarını, Əmralın döyüş meydanında göstərdiyi igidliyin illər ötsə belə gələcək nəsillərə örnək olacağını söyləyib. Tədbirdə digər çıxış edənlər torpaqlarımızın azad olunmasında zabit və əsgərlərimizin göstərdikləri əvəzsiz xidmətləri ilə qürur duyduqlarını söyləyiblər. Məktəblilər isə vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Allahdan bütün şəhidlərimizə rəhmət, yaxınlarına isə səbr diləyirik!

 

 

 

 

Keçidlər