İmişlidə daha bir Vətən müharibəsi şəhidinin doğum günü ailəsi ilə birlikdə qeyd olunub
Qarabağı işğaldan azad edərək, xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçərək 43 yaşında Şəhidlik zirvəsinə yüksələn igid Vətən oğullarından biri də mayor Hüseynov Nazim Yaqub oğludur. O, 1977-ci il oktyabr ayının 1-də anadan olub. Bu gün yaşasaydı, 44 yaşını qeyd edəcəkdi. Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mayor Nazim Hüseynov oktyabrın 8-də Hadrut döyüşləri zamanı şəhid olub və anadan olduğu rayonun Bəhrəmtəpə qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.
Doğum günü mərasimində şəhidin yaxınları ilə yanaşı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edərək əvvəlcə şəhidimizin məzarı ziyarət edilib, önünə gül-çiçək dəstələri qoyulub və ruhuna dualar oxunub. Ziyarət zamanı çıxış edən RİH başçısı bildirib ki, rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixi üçün nümunə olan əsl qəhrəmanlıq dastanı yazdı. Haqq savaşının sonunda Böyük Qələbə qazanıldı. Düşmənlə yanaşı, bütün dünya bir daha anladı və dərk etdi ki, Azərbaycan güclü dövlətdir və güclü ordusu var.
Sonra şəhidimizin ata ocağına gələrək Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənib. Burada çıxış edənlər Nazim Hüseynovun keçdiyi mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirələrinin daim uca tutulacağını qeyd ediblər. Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Qeyd edək ki, düşmənə ağır zərbələr endirən şəhidimiz göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.