İmişlidə şəhid Vüqar Nuriyevin doğum günündə adını əbədiləşdirən bulağın açılışı olub
İmişli şəhərində Vətən müharibəsindəki qələbəmizdə şanlı tarix yazan şəhidlərimizdən birinin - Nuriyev Vüqar Hafis oğlunun adına inşa edilən xatirə bulağının açılışı olub. Bu münasibətlə keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Milli Məclisin deputatı Razi Nurullayev, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları və sakinlər iştirak ediblər. İlk öncə şəhər qəbiristanlığında Vüqarın əziz xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub. Xatirə bulağının açılışında RİH başçısı çıxış edərək bildirib ki, Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə gənclərimizin qəhrəmanlığı Azərbaycan xalqının böyüklüyünü, müdrikliyini göstərir. O həmçinin şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Vüqarın valideynlərinə Vətənimiz üçün gərəkli övlad böyütdüklərinə görə təşəkkür etmiş və şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb. Şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə olan qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. Millət vəkili Razi Nurullayev çıxış edərək bu cür bulaqların inşa olunmasının əsas məqsədini şəhidlərimizi yad etməklə yanaşı, adlarını əbədiləşdirmək və gələcək nəsillərə tanıtmaq olduğunu söyləyib. Çünki bulağın suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olur-deyə bildirib.
Vüqarın bu gün həm də doğum günüdür. Yaşasaydı, 21 yaşı olacaqdı. O, 29 sentyabr 2000-ci ildə İmişli rayonunda anadan olub. 2007-2018-ci illərdə 3 saylı tam orta məktəbdə təhsil alıb. Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 1-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Vüqar Nuriyev ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.