İmişlidə Vətən müharibəsinin şəhidi Amil Səfərlinin doğum günü qeyd edilib.
Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Səfərli Amil Nizami oğlunun doğum günü İmişli rayonunun Çahar kəndində qeyd edilib. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və Aparatın məsul işçiləri tərəfindən şəhidin məzarı ziyarət edilərək xatirəsi ehtiramla yad edilib və məzarı üzərinə gül-çiçək dəstələri düzülüb. Tədbir zamanı çıxış edən icra başçısı şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində azad edildiyini vurğulayıb. Həmçinin qeyd edib ki, illər ötsə belə 44 gün davam edən Vətən müharibəsində bizlərə Qələbə sevincini bəxş edən oğullarımızı hər zaman yad edəcəyik. Çünki Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq hər birimizin borcudur. Amilin doğum günündə məzarını ziyarətə gələnlər arasında ona dərs deyən müəllimləri də var idi. Təhsil aldığı illərdə o müəllimlərinin yaddaşında vətənpərvər, təlim-tərbiyəli şagird kimi qalıb. Tədbir zamanı həmçinin Amilin təhsil aldığı məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər də səsləndiriblər.
Qeyd edək ki, Amil Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı düşmənə qarşı aparılan hərbi əməliyyatlarda iştirak edərək əsl igidlik nümunəsinə çevrilib. Ömrünü, gününü və nəhayət canını torpağımızın, vətənimizin azadlığı uğrunda fəda edən, döyüşlərdə bir an belə geri çəkilməyən igidimiz noyabr ayının 5-də Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə" və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.