Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 27 sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirilib

27 sentyabr 2021 | 16:00

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün Vətən müharibəsinə başladığımız 27 sentyabr tarixindən, xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o tarixi gündən artıq 1 il arxada qalır.

Bu münasibətlə İmişli şəhərinin Şəhidlər Xiyabanında 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin ailələri, qazilər, məktəblilər və rayon ictimaiyyəti iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları şəhidlərimizin məzarlarına, sonra isə abidənin önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirələrini böyük ehtiramla yad ediblər. Tədbiri giriş sözü ilə açan RİH başçısı şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan icra başçısı onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib. Tədbirdə çıxış edən şəhid anası Azərbaycan xalqının var olduğu müddətcə şəhidlərimizin qəlblərdə daim əbədi yaşayacağını söyləyib və ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri qayğıya görə minnətdarlığını bildirib. Digər çıxış edənlər də ölkə başçısının Anım Gününün respublika səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı müvafiq Sərəncamı şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi olduğunu qeyd ediblər.

Sonra tədbir Mədəniyyət və incəsənət işçilərinin ifasında davam etdirilərək ədəbi bədii kompozisiya nümayiş olunub. Məktəblilər isə vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Tədbirin yekununda, saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, ötən gün isə İmişli rayonu ərazisində şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq müxtəlif növlərdə ağaclar əkilmiş və suvarma işləri aparılmışdır. Yaşıllıqların qorunması üçün ərazidə müvafiq tədbirlər görülmüşdür.

 

Keçidlər