Şəhid Xalid Kamranlının ad günü məzarı yanında qeyd olunub
Bu gün torpaqlarımızın bütövlüyü uğrunda canından keçərək, tarixə şərəfli imzasını atan şəhid Kamranlı Xalid Kazım oğlunun doğum günüdür. O, 1999-cu il sentyabrın 23-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Şəhidimiz 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində iştirak etmiş və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsinə çevrilərək oktyabrın 15-də şəhid olub.
Xalidin doğum günü məzarı başında qeyd olunub. Mərasimdə şəhidin yaxınları ilə yanaşı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və Aparatın məsul əməkdaşları iştirak edərək şəhidimizin dəfn olunduğu Bəhrəmtəpə qəsəbə qəbiristanlığında məzarı ziyarət edilib, önünə gül-çiçək dəstələri qoyulub və ruhuna dualar oxunub. Çıxış edənlər şəhidin ailəsinə başsağlığı verərək Vətən müharibəsində Azərbaycan gəncliyinin, vətənpərvərliyinin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığı vurğulanıb.
Qeyd edək ki, şəhidimiz vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.