İmişlidə şəhərdaxili avtomobil yollarında əsaslı təmir işləri davam etdirilir
İmişli şəhərinin Əhməd Məmmədov və Qadir İsmayılzadə küçələrinin avtomobil yollarında büdcədən ayrılmış vəsait hesabına aparılan əsaslı təmir işləri başa çatdırılıb. Sözügedən avtomobil yolları uzun müddət təmir olunmadığından avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində problemlər yaranırdı. Artıq bu problem tam olaraq aradan qaldırılıb. Belə ki, ümumilikdə uzunluğu 620 metr olan avtomobil yollarına 3100 kv. metr asfalt örtük qoyularaq sakinlərin istifadəsinə verilib. Texnoloji ardıcıllığa uyğun aparılan yenidənqurma işləri ilə təbii ki, yolboyu vətəndaşların rahat gediş-gəlişi təmin olunmuş, yük və sərnişin daşınma da asanlaşmışdır.
Hazırda İmişlinin şəhərdaxili digər avtomobil yollarında əsaslı təmir işləri aparılır və görülən bu işlər müntəzəm xarakterlidir.
(Ə.Məmmədov və Q.İsmayılzadə küçələrinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)