Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhidin xatirəsini əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib

21 sentyabr 2021 | 16:00

Hərb meydanında dünyaya səs salan xüsusi təyinatlılarımız Vətən müharibəsində öz qəhrəmanlıqları ilə yaddaşlara həkk olundu. Belə igidlərimizdən biri də İmişli şəhərindən olan şəhid gizir Cavadlı Nemət Cavid oğludur. Bu gün şəhərin 1 saylı məktəb-liseyində Nemətin xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Bu münasibətlə keçirilən tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, məktəbin müəllimləri və  şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən icra başçısı Nemətin qısa, lakin şərəfli ömür yolundan, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən danışıb, Nemət və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb. Çıxış edən şəhid valideynləri isə ölkəmizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə, o cümlədən Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Xatirə bulaq kompleksinin açılışında Nemətin təhsil aldığı məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda bədii kompozisiya da təqdim olunub.

Xatırladaq ki, şəhidimiz Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Kəlbəcərin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nemət Cavadlı oktyabrın 31-də Şuşa döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Nemət Cavadlı ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Şücaətə görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub

Keçidlər