İmişlidə çoxmənzilli yaşayış binalarının dam örtüklərinin yenilənməsinə başlanılıb
Respublikamızın hər bir bölgəsində olduğu kimi, İmişlidə də bütün sahələrlə yanaşı əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülür. İmişli şəhərinin “Meliorator” yaşayış məntəqəsində ötən əsrin 70-80-cı illərində inşa olunmuş çoxmənzilli yaşayış binalarında, inşa olunduğu vaxtdan dam örtüklərində təmir-bərpa işləri aparılmadığından mənzillərin yağış sularına məruz qalması halları yaşayışçıların problemlərinə səbəb olurdu. Mövcud vəziyyət nəzərə alınaraq qeyd olunan yaşayış məntəqəsinin 7, 8 və 9 saylı çoxmənzilli binaların dam örtüklərində taxta materialların elementləri tam dəyişdirilərək müasir metal vərəqlərdən ibarət örtük materiallarından istifadə edilməklə əsaslı təmir işlərinə başlanılıb. Bu hal binalarda yaşayan 48 ailənin mənzil-məişət şəraiti üçün normal vəziyyət yaratmasına səbəb olacaq. Ümumilikdə qeyd olunan binalarda 2346 kv.metr dam örtüyü yenisi ilə əvəz olunacaqdır.
Gələcəkdə də İmişli şəhərinin digər ərazilərindəki çoxmənzilli yaşayış binalarının dam örtüklərində yenilənmə işlərinin aparılması istiqamətində müvafiq tədbirlər nəzərdə tutulub.