Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən Müharibəsi şəhidi Cavidan Məmmədlinin doğum günü qeyd olunub

20 sentyabr 2021 | 16:00

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan igidlərimizdən biri də Cavidan Məmmədlidir. O, 20 sentyabr 1997-ci ildə İmişli şəhərində anadan olmuşdur. Şəhidimizin xatirəsi doğum günündə rayonun Göbəktala kənd qəbiristanlığındakı məzarı yanında anılıb. Anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı, Aparatın məsul əməkdaşları və şəhidin yaxınları iştirak ediblər.
      Öncə şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Sonra çıxış edən RİH başçısı şəhidin ailə üzvlərinə başsağlığı verib və Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Cavidanın xatirəsinin bundan sonra da daim əziz tutulacağını, dövlətin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağını vurğulayıb. Şəhidimizin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
      Qeyd edək ki, şəhidimiz Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub və 7 oktyabr 2020-ci ildə sonuncu dəfə ailəsi ilə əlaqə saxlayan Cavidan elə həmin gün Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Cavidan Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Keçidlər