İmişlidə məzunlarla görüş keçirilib
Ötən gün İmişli rayonunda ali məktəblərə qəbulda 600-dən çox bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirilib. Görüşdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev, məzunlar, məktəb rəhbərləri və valideynlər iştirak ediblər.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, abidəsi önünə tər gül dəstələri qoyulub. Tədbir Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan RİH başçısı 600-dən çox bal toplamış, ali təhsili müəssisələrinə qəbul imtahanlarında müvəffəqiyyətlə iştirak edərək tələbə adını qazanmış məzunları, onların valideynlərini və rayonumuzun bütün təhsil ictimaiyyətini səmimi qəlbdən təbrik edib. Həmçinin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən Müharibəsində qələbəni təmin edən, qəhrəman şəhidlərin yetişməkdə olan gənc nəslə nümunə olduğundan danışıb. İmişli RTŞ-nin müdiri Ələmdar Quliyev çıxışında Ulu öndər Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, təhsilin ölkəmizdə prioritet sahə olduğunu qeyd edib. Son bir ildə İmişli şəhər 7 nömrəli məktəbin yeni binasının inşa edildiyini, Axıcanlı və Məmmədli kənd tam orta məktəblər üçün modul tipli məktəb binalarının quraşdırıldığını diqqətə çatdırıb. Eyni zamanda 2020-2021-ci tədris ilində rayon üzrə qazanılan uğurlar və qarşıda duran vəzifələr barəsində geniş məlumat verib. Vətən Müharibəsində iştirak edən təhsil işçilərindən, istedadlı şagirdlərin üzə çıxarılması üçün həyata keçirilən layihələrdən danışaraq əldə olunan uğurların bundan sonra da davam etdiriləcəyini bildirib.Görüşdə çıxış edən valideynlər və məzunlar İmişlidə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.
Sonda 600-dən çox bal toplamış məzunlar RİH başçısının “Fəxri Fərman”ları və qiymətli hədiyyələrlə mükafatlandırılıb.