Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidi XTQ-nin giziri Əli Quliyevin doğum günü məzarı başında qeyd olunub

09 sentyabr 2021 | 16:00

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Qələbəmizin qazanılmasında payı olan igid oğullarımızdan biri də 36 yaşında Şəhidlik zirvəsinə yüksələn XTQ-nin giziri Quliyev Əli Tədbir oğludur. Bu gün yaşasaydı 37 yaşını qeyd edəcəkdi. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əli Quliyev oktyabrın 27-də Xocavənd döyüşləri zamanı şəhid olub və anadan olduğu rayonun Otuziki kəndindəki qəbiristanlıqda oktyabrın 28-də dəfn edilib. Döyüş meydanında göstərdiyi igidliyə görə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra  "Vətən uğrunda", “Cəsur döyüşçü”, "Cəbrayılın azad olunmasına görə" və  "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Şəhidimizin doğum günü münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Aparatın məsul işçiləri ilə birlikdə Əlinin cənnətdəki ilk doğum gününü məzarı başında qeyd ediblər. Qəhrəman şəhidimizin məzarı ziyarət edilərək gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi böyük ehtiramla yad edilib. RİH başçısı çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib və 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bildirib. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Əlinin xatirəsinin daim əziz tutulacağını vurğulayıb. Şəhid atası Tədbir kişi isə Əli və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib.

Daha sonra Əlinin ata ocağına gəlinərək torpaq uğrunda canından keçən şəhidimizə bir daha Allahdan rəhmət, ailəsinə səbir dilənib. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər