İmişlidə daha bir küçənin avtomobil yolları əsaslı təmir olundu
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə İmişlidə şəhərdaxili avtomobil yollarının yenidən qurulması və yenilənməsi istiqamətində aparılan tədbirlər davam etdirilir. Belə ki, növbəti əsaslı təmir işləri şəhərin Aran küçəsində aparılıb. Sözügedən yol uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismarda olması səbəbindən həmin yaşayış məntəqəsində yaşayan sakinlərin şəhər mərkəzinə çıxışında, xüsusən payız-qış mövsümündə problemlər yaşanırdı. Artıq bu problem aradan qaldırılıb. Avtomobil yolunda görülən əsaslı təmir işləri texnoloji ardıcıllıqla aparılaraq yekunlaşdırılıb və ümumilikdə uzunluğu 700 metr olan yola 3500 kv.metr asfalt örtük qoyularaq sakinlərin istifadəsinə verilib.
Təbii ki, yolların bərpası, müasir tələblər səviyyəsində yenidən qurulması vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərir, eyni zamanda avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır.
(Aran küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)