İmişlidə avtomobil yollarının yenidən qurulması istiqamətində əsaslı təmir işlərinə başlanılıb
Ölkəmizdə bütün sahələrdə müşahidə olunan uğurlar yol-nəqliyyat kompleksinin inkişafında da qabarıq nəzərə çarpır. Regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları çərçivəsində bu gün Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturu qurulur və irimiqyaslı layihələr icra olunur. Ölkəmizin hər yerində olduğu kimi İmişli rayonunda da avtomobil yollarının yenidən qurulması istiqamətində genişmiqyaslı, əsaslı təmir işlərinə başlanılmışdır. Belə ki, layihə üzrə İmişli şəhəri ərazisində 11 küçəyə 6850 metr uzunluqda, 36950 kv.metr sahəyə asfalt örtüyünün qoyulması planlaşdırılmışdır.
İlk olaraq strateji əhəmiyyət kəsb edən Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun şəhər ərazisindən keçən, A.Şadlinski küçəsi ilə İmişli-Kürdəmir dolama avtomobil yolunu birləşdirən, xeyli müddətdir ki, bərbad vəziyyətdə olan 28 May küçəsinə 4800 kv.metr asfalt örtük qoyulmuş və yol birləşmələrində aparılan tamamlanma işləri artıq yekunlaşdırılmışdır. Görülən işlər ərazidə yaşayan sakinlərin sevincinə səbəb olmuş və nəticə etibarı ilə şəhər mərkəzi istiqamətində nəqliyyat vasitələrinin hərəkət sıxlığının azalmasına müsbət təsir göstərmişdir.
Hazırda İmişli şəhərinin S.Vurğun küçəsinə asfalt örtüyünün qoyulması ilə əlaqədar əsaslı təmir işlərinə başlanılmışdır.
(28 May küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)