Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “YARAT” Təhsil və Karyera Mərkəzi MMC-nin açılış tədbiri keçirilib

27 avqust 2021 | 16:00

Bugün İmişli şəhərində pandemiya qaydaları nəzərə alınmaqla Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradovun, Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyevin, Gənclər və İdman İdarəsinin rəisi Ceyhun Əbdülovun və Ağsaqqallar Şurasının sədri Ramiz Əmirovun iştirakı ilə “YARAT” Təhsil və Karyera Mərkəzi MMC-nin açılış tədbiri keçirilib.

İlk olaraq mərkəzin direktoru Ziya Rzayev çıxış edərək mərkəz haqqında məlumat verib və bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin sahibkarlara, xüsusən gənc sahibkarlara göstərdiyi diqqət və qayğı hər zaman hiss edilməkdədir. Bu gün artıq regionlarda da gənc sahibkarlara dövlət dəstəyi və qayğısı göstərilməkdədir. Bu müəssisənin açılışı məhz bu tapşırıqların əyani sübutudur. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rüfət Muradov çıxışı zamanı “YARAT” Təhsil mərkəzinə, şagird və müəllim heyətinə RİH başçısı Elçin Rzayevin və onun kollektivi adından uğurlar arzulayıb, belə bir mərkəzin fəaliyyətinin olduqca önəmli bir məsələ olduğunu qeyd edib. Həmçinin digər çıxışçılar da Təhsil Mərkəzinə uğurlar arzulamış və cəmiyyətə, millətə, dövlətə daha yüksək xidmət edəcəklərinə inamlarını bildirmişlər.

Sonra mərkəz direktoru qonaqları bina ilə tanış edib. Təhsil mərkəzinin binası ümumilikdə 120 nəfər yerlikdir və müasir avadanlıq, həmçinin invertarlarla təmin edilmiş 10 otaqdan ibarətdir. Sonda İmişli Rayon İcra Hakimiyyəti tərəfindən Təhsil mərkəzinə çoxfunksiyalı “Canon” markalı printer hədiyyə edilmişdir. Tədbirdə iştirak edən qonaqlar mükafatlarla təltif olunmuşdur.

Qeyd edək ki, “YARAT” Təhsil və Karyera Mərkəzi 21 may 2021-ci il tarixində Azərbaycan Respublikası Kiçik və Orta Biznesə Dəstək Agentliyinin dəstəyi ilə təsis və təsdiq edilmişdir. Mərkəz abituriyent hazırlığı, komputer və danışıq klubu kimi fəaliyyətlərlə xidmət göstərəcək. Mərkəzdə xüsusi ilə şəhid övladları və həssas ailə qruplarına daxil olan ailələrin övladları tam ödənişsiz təhsil alacaqlar.

Keçidlər