Bu gün şəhid mayor Emin Süleymanovun doğum günüdür
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuzun qələbə qazandığı Vətən Müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də İmişli rayonunun Xubyarlı kənd sakini mayor Süleymanov Emin Bəhman oğludur. Emin Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O , noyabr ayının 8-də Laçın döyüşləri zamanı şəhid olub. İgid döyüşçü anadan olduğu rayonun Xubyarlı kəndində dəfn olunub.
Emin Süleymanov 1977-ci ilin iyulun 21-də dünyaya gəlib. Şəhidimizin doğum günü münasibəti ilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və Aparatın məsul əməkdaşları tərəfindən Eminin məzarı ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb və ruhuna dualar oxunub. Ziyarət zamanı həmçinin şəhidimizin ailəsinə baş çəkilərək onların qayğıları ilə maraqlanılıb. Eminin ailəsi və döyüş yoldaşları onun keçdiyi şərəfli ömür yolundan danışıblar və şəhidlərimizin qanlarının yerdə qalmadıqlarını bildiriblər.
Qeyd edək ki, şəhidimiz vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.