Vətən müharibəsində iştirak edən qazimizə avtomobil verilib
İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib.
Hazırda dünyada pandemiyanın davam etməsinə, bir çox ölkələrdə iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə təxirə salınmayıb. Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması bunu bir daha təsdiqləyir.
Onlardan biridə, torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən İmişli rayonun sakini Əliyev Kamran Arif oğludur. Kamran Vətən müharibəsində Qubadlı uğurunda gedən döyüşlərdə sağ ayağını itirmişdir. O, öz mərdliyi ilə tarix yazaraq qazi olmuşdur.
Qazimiz Kamran Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Qeyd edək ki, öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanlar, həmçinin onların ailələri daim diqqətdə saxlanılırlar. Onlar bundan sonra da dövlətimizin qayğısını hiss edəcəklər.