Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda “Qarabağ” ordeni şəhidin ailəsinə təqdim edilib

03 iyul 2021 | 16:00

İmişli rayonunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunmuş şəhid gizir Cavadlı Nemət Cavid oğlunun təqdimat tədbiri keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin əməkdaşları iştirak ediblər. Təqdimat zamanı çıxış edən RİH başçısı Elçin Rzayev 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazanılan böyük Zəfərin tarixi əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, gizir Nemət Cavadlı da Vətən uğrunda döyüşlərdə şəhadət zirvəsinə ucalan igid oğullarımızdandır. Təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın azad edilməsi naminə başlanan “Dəmir Yumruq” əməliyyatının ilk günündən mərdlik və igidlik nümunələri göstərib.  Tədbirdə digər çıxış edənlər Nemətin vətənpərvər bir gənc olduğunu, qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirdiyini, səmimiliyi, döyüşkənliyi, peşəkarlığı, eləcə də yüksək mənəvi və iradi keyfiyyətləri ilə ad çıxardığını xüsusi qeyd ediblər.

Sonra Azərbaycan Ordusunun şəhid giziri Nemət Cavadlının ölümündən sonra layiq görüldüyü “Qarabağ” ordeni atasına təqdim olunub. Şəhidimizin atası Cavid kişi oğlunun xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyinə və göstərilən diqqətə, qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, şəhid ailələrinə həmişə dəstək olan Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Xatırladaq ki, Nemət Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və ölkə başçısının Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə də təltif olunub.

Keçidlər