Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhidin xatirəsini əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib

03 iyul 2021 | 16:00

Vətən müharibəsində düşmənin kabusuna çevrilən xüsusi təyinatlıların erməni hərbçilərinə vurduqları zərbələr hələ uzun illər yaddaşlardan silinməyəcək. “Qartal” ləqəbli şəhid Nurlan Hüseynov da onların arasında idi. Hələ Aprel döyüşlərindən düşmənə qan udduran Nurlan Vətən müharibəsində də öz qəhrəmanlığı ilə seçilib.

Bu gün Nurlanın doğum günüdür. Yaşasaydı, 29 yaşını qeyd edəcəkdi. Bu münasibətlə keçirilən tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin əməkdaşları, şəhidin yaxınları və kənd sakinləri iştirak ediblər. İlk öncə Nurlanın dəfn olunduğu rayonun Göbəktala kənd qəbiristanlığında olan məzarı ziyarət edilib. Şəhidin məzarına gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Sonra Nurlanın xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Tədbirdə çıxış edənlər şəhidlərimizin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi vurğulanıb, Böyük Qələbənin tarixi əhəmiyyəti qeyd olunub. Xatirə bulaq kompleksinin açılışında Nurlanın təhsil aldığı məktəbin müəllimləri və şagirdləri də iştirak ediblər. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda bədii kompozisiya təqdim olunub.

Qeyd edək ki, Nurlan Vətən müharibəsi zamanı Murovdağının, Cəbrayılın, Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrundan gedən döyüşlərdə iştirak edib. O, oktyabr ayının 14-də Hadrut döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Göstərdiyi şücaətlərə görə ölkə başçısı tərəfindən ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Keçidlər