İmişli rayonunda Polis günü qeyd olundu
Bu gün İmişli rayonunda Polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon Polis şöbəsinin əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Giriş sözü ilə çıxış edən RİH başçısı Elçin Rzayev peşə bayramları münasibətilə bütün polis işçilərini təbrik edib. O qeyd edib ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edərək, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirir. Daxili İşlər Orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olub. Bu gün də prezidentimiz cənab İlham Əliyev polis işçilərinə diqqət və qayğıkeşliklə yanaşır. Bu da polislərimizin peşəkarlığını, məsuliyyət hissini artırmaqla yanaşı, onların daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir. Tədbirdə digər çıxış edənlər Azərbaycan Polisinin keçdiyi uzun və şərəfli yoldan danışıblar.
Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis əməkdaşı İmişli Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Fəxri Fərman”la təltif olunub. Qeyd edək ki, tədbir pandemiya qaydalarına uyğun olaraq keçirilib.