İmişlidə “Narkotiklər haqqında həqiqətləri öyrənək” mövzusunda tədbir keçirilib
İmişli Rayon İcra Hakimiyyətində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın “26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü’’ nə həsr olunmuş “Narkotiklər haqqında həqiqətləri öyrənək” mövzusunda onlayn formatda tədbir keçirilib. Tədbirdə RİH başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyəsinə qarşı Mübarizə üzrə Komissiyanın sədri Səfa Ağayev, Komissiya üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan S.Ağayev narkomaniyanın cəmiyyətin sağlam inkişafına, mənəviyyatına ağır zərbə vurmasından, narkotiklərin qəbulunun insan orqanizmi üçün zərərli nəticələrindən və onun törətdiyi fəsadlardan söz açıb. “Bugünkü gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur” - deyən S.Ağayev dövlət tərəfindən bu sahədə görülən işlərdən danışıb. Cəmiyyətin inkişafını ləngidən, insanların sağlamlığına və mənəviyyatına sarsıdıcı zərbə vuran narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə ölkəmizdə, o cümlədən İmişli rayonunda kompleks tədbirlərin mütəmadi olaraq həyata keçirildiyini və təbliğat işlərinin genişləndirildiyini bildirib.
Bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyanın fəsadları ilə baglı digər çıxış edənlər bu bəla ilə birgə mübarizə aparmaq üçün bütün gəncləri narkomaniyaya qarşı birlikdə mübarizə aparmağa çağırıblar.
Sonda narkomaniya ilə mübarizədə hər kəsə uğurlar arzulanılıb və bu cür tədbirlərin bundan sonra da mütəmadi olaraq təşkil olunacağı qeyd edilib.