İmişlinin daha bir yaşayış məntəqəsinə təbii qaz verilib.
Bu gün İmişli rayonunun Hacırüstəmli kəndində təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. Pandemiya qaydalarına uyğun olaraq keçirilən tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən RİH başçısı Elçin Rzayev Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bütün bölgələrində olduğu kimi, İmişli rayonunda da baş verən sosial-iqtisadi inkişafdan danışıb. Bildirib ki, görülən işlərin mərkəzində insan amili, onların maddi-rifah halının və sosial məişət şəraitinin yaxşılaşdırılması dayanır. Məlumat verilib ki, 222 abonenti olan Hacırüstəmli kəndinə birpilləli sistem əsasında 20326 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin fərdi yaşayış evlərinə G-4 markalı qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb. Çıxış edən sakinlər kəndin mavi yanacaqla təmin olunmasına görə dövlətimizin başçısına və bu işdə əməyi keçən hər kəsə minnətdarlıqlarını bildiriblər. Sonra ll Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Asim Abbasovun ailəsi yeni qaz sobası ilə təmin edilərək, ailəyə məxsus evin mətbəxində mavi yanacaq yandırılıb və kəndə təbii qazın verilməsi münasibətilə sakinlər bir daha təbrik edilərək təbii yanacağın bütün evlərə sevinc və hərarət gətirməsi arzulanılıb.
Qeyd edək ki, Hacırüstəmli kəndinə ilk dəfə təbii qaz verildiyi üçün əhali ilə qazla davranış və təhlükəsizlik qaydaları üzrə maarifləndirilmə işləri də aparılıb.