İmişli rayonunda “Ətraf mühitin mühafizəsi sahəsində bələdiyyələrin rolu” mövzusunda görüş keçirilib.
Bu gün İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Ətraf mühitin mühafizəsi sahəsində bələdiyyələrin rolu” mövzusunda görüş keçirilib. Görüşdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul şəxsləri, 3 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin nümayəndələri, yerli inzibati ərazi dairəsi üzrə nümayəndələr və müvafiq inzibati əraziləri əhatə edən bələdiyyələrin sədrləri iştirak edib.
Görüşdə tullantıların düzgün və qanunvericiliyə uyğun idarə olunması, bələdiyyələrin bu sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması, işin daha səmərəli təşkili yollarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, qarşılıqlı və səmərəli əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələr zamanı rayon ərazisində formalaşan məişət tullantılarının qanunamüvafiq idarə olunması, bələdiyyələr tərəfindən bu sahədə təbliğat tədbirlərinin aparılmasının vacibliyi, tullantıların ətraf mühitə atılmasına, axıdılmasına və yerləşdirilməsinə görə ödəmələrin tətbiqi məsələləri bələdiyyələrin nəzərinə çatdırılıb. Görüşdə həmçinin aidiyyəti qurumların, yerli idarəetmə orqanlarının və ictimaiyyətin bu istiqamətdə birgə fəaliyyətinin zəruriliyi və əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi vurğulanıb, belə görüşlərin inzibati ərazilərdə də keçirilməsi qərara alınıb. Sonda nümayəndə və bələdiyyələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir pandemiya qaydalarına uyğun olaraq keçirilib.