"Hədiyyə karvanı" İmişlidə: İcra başçısı, qonaqlar və "ASAN Xidmət" tərəfindən şəhid ailələri ziyarət edilib
Türkiyə Uşaq Oyunları Federasiyasının nümayəndələri Salim İsot və Tuğba Baylan, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və İmişli "ASAN Xidmət" mərkəzinin direktoru Elvin Məmmədov tərəfindən şəhid ailələrinə baş çəkilib. Görüş zamanı şəhidlərin xatirəsi ehtiramla yad edilib, ailə üzvlərinə baş sağlığı verilib və şəhidlərimizin övladlarına hədiyyələr təqdim olunub.
İcra başçısı Elçin Rzayev bu nəcib addıma görə qonaqlara təşəkkür edib: "Həm beynəlxalq arenada, həm müharibə meydanında, həm də mənəvi olaraq Türkiyənin dəstəyini hiss etmişik. 30 illik bir problemin 44 gün ərzində həll edilməsi dünya tarixində bir ilk oldu. Cənab Prezidentimiz İlham Əliyevlə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın birgə düşünülmüş siyasəti, münasibəti və liderliyi nəticəsində bu qələbə bizə qismət oldu. Sizin də belə bir nəcib addım atmağınız bizi sevindirir. Bu hədiyyələrin maddi dəyərindən çox böyük mənəvi dəyəri var və yanımızda olduğunuzu hiss edirik. Sizin bu qədər yolu qət etməniz, qardaş ölkədə şəhid ailələrini ziyarət etməyiniz bizi çox məmnun edir".
Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı, iş adamı Mehmet Mutlunun müavini Salim İsot göstərilən diqqətə və qonaqpərvərliyə görə hər kəsə təşəkkür edib. Salim İsot qardaş ölkəyə dəstək olmağı özlərinə borc bildiklərini deyib.