Şəhid Əhliman Mehdiyevin doğum günü məzarı yanında qeyd olunub
Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olanlardan biri də İmişli rayonunun Məzrəli kənd sakini Mehdiyev Əhliman Rəhman oğludur. Əhliman Vətən müharibəsində qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə yüksəlib. Bu gün şəhidimizin doğum günüdür, yaşasaydı 19 yaşını qeyd edəcəkdi. Doğum günü münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul əməkdaşları, şəhidin ailə üzvləri və yaxınları pandemiya dövrünün qaydalarına uyğun olaraq onun məzarını ziyarət ediblər. Burada Əhlimanın ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla yad edilib.
44 günlük Vətən müharibəsindən söz açan icra başçısı Azərbaycan Ordusunun, hərbçilərimizin Ali Baş Komandanın ətrafında yumruq kimi sıx birləşərək onun “İrəli!” əmrini layiqincə yerinə yetirdiklərini qeyd edib. Qazandığımız böyük Zəfərə görə canından keçərək şəhidlik zirvəsinə ucalan Əhliman kimi oğullarımıza, sağlamlıqlarını itirən qazilərimizə bir ömür boyu minnətdar və borclu olduğumuzu diqqətə çatdırıb.
Qeyd edək ki, Əhliman Mehdiyev 2020-ci il oktyabrın 2-də cəbhənin Murov dağı istiqamətində gedən döyüşlərdə şücaət göstərərək şəhid olub və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.