Aprel şəhidi Nəcməddin Savalanovun bu gün ölümündən 5 il keçir
Aprel döyüşləri həm Azərbaycan Ordusunun gücünü, həm də şəxsi heyətin vətənpərvərlik ruhunu nümayiş etdirdi. Bu döyüşlərdə kapitan Nəcməddin Savalanov şəhid oldu. Nəcməddin Savalanov 1985-ci il fevralın 26-da İmişli rayonunun Göbəktala kəndində anadan olmuşdu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdi. 2016-cı il aprelin 2-də Qapanlı-Seysulan istiqamətində gedən döyüşlərdə kapitan Nəcməddin Savalanov ağır yaralansa da, may ayının 8-də şəhid oldu. Şəhid kapitan doğulduğu Göbəktala kəndində 9 may 2016-cı il tarixdə son mənzilə yola salındı.
Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və hüquq mühafizə orqanlarının rəhbərləri kapitan Nəcməddinin ailəsi ilə görüşüb. Görüş zamanı bildirilib ki, Aprel zəfəri 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin başlanğıcı idi və bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərmişdi. Aprel döyüşlərindən başlanan və 44 günlük Vətən müharibəsi ilə tarixi qələbəyə çevrilən Zəfər salnaməsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
Görüş zamanı Nəcməddinin ailəsi onun igidliyindən, cəsurluğundan, vətənsevərliyindən danışıblar və şəhidin ailə üzvləri dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını bildiriblər. Qeyd edək ki, Nəcməddin Savalanov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.