Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə qısa müddətdə 6 min hektardan çox sahədə taxıl əkilib.

01 noyabr 2020 | 16:00

İmişlidə taxılçılıq əsas təsərrüfat sahələrindəndir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtkü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiya verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını artırır. İndi rayonda yüzlərlə fermer təsərrüfatın bu sahəsi ilə məşğul olur və taxıl istehsalı ilbəil artır.

Cari ildə 17 min 150 hektar taxıl sahəsindən 67 min 109 ton məhsul götürən fermerlər bu göstəricini növbəti təsərrüfat ilində daha da artırmaq üçün səpin kampaniyasına ciddi hazırlaşıblar. Fermerlər yüksək reproduksiyalı toxum sortları və səpin aqreqatları, müxtəlif növ maşın və mexanizmlərlə təmin olunublar.

Səpinə mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 6 min 660 hektar sahədə səpin aparıblar ki, bunun da 4 min 610 hektarı arpa, 2 min 50 hektarı isə buğda sahəsidir. Əkinçilər hər gün 400-450 hektar sahəyə toxum səpirlər. Rayonun Cəfərli, Əliqulular, Oruclu, Qızılkənd kəndlərində fəaliyyət göstərən fermerlər taxıl səpinində daha fəal iştirak edir, kampaniyanı optimal müddətdə başa çatdırmaq üçün var qüvvələri ilə çalışırlar.

Keçidlər