İmişlidə süni mayalanma yolu ilə alınan buzovlara görə 106 min manat subsidiya ödənilib.
İmişlidə heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verdiyi əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, mal-qaranın baş sayının artmasına səbəb olub.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə baş ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu üsuldan geniş istifadə etməyə marağı daha da artırıb.
Hazırda İmişlidə 6 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 2229 baş inək və düyədən 1060 baş buzov alınıb. Doğulan buzovlara görə maldarlara, ümumilikdə, 106 min manat subsidiya ödənilib.
Qeyd edək ki, hazırda İmişlinın heyvandarlıq təsərrüfatlarında 95 min 397 baş iribuynuzlu mal-qara saxlanılır. Onların da əksəriyyəti süni mayalanma yol ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.