18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.
18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Bundan sonra Azərbaycan dünyanın nəhəng dövlətlərilə ikitərəfli, bərabərhüquqlu və diplomatik münasibətlər yaratmağa başladı. İndi Azərbaycanın səsi yüksək tribunalarından eşidilir. Şübhə yoxdur ki, Azərbaycan bundan sonra öz müstəqilliyini daha da möhkəmləndirəcək və işğal altında olan torpaqları düşmən tapdağından azad edəcəkdir.
İmişli rayon İcra Hakimiyyəti Dövlət Müstəqilliyi Günü münasibətilə dünyanın bütün azərbaycanlılarını ürəkdən təbrik edir, onlara can sağlığı və ailə səadəti arzulayır.