İmişlidə “Əsgərə Məktub” layihəsi çərçivəsində tədbir təşkil olunub.
Respublikamızda həyata keçirilən layihələrdən biri də “Əsgərə Məktub”dur. Bu layihə yeniyetmələrin vətənpərvərlik ruhunda formalaşması baxımından olduqca dəyərlidir. “Əsgərə Məktub” layihəsi çərçivəsində bu gün İmişli rayon İcra Hakimiyyətinin və İmişli regional “Asan Xidmət” mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Asan Könüllülər, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak etmişlər. Vətənimizin keşiyində duran əsgərlərimizə öz ürək sözlərini ünvanlayanlar bu təşəbbüsün ölkəmizin qazanacağı böyük qələbəyə kiçik töfhə olacağını bildirmişlər. Tədbir iştirakçıları yüksək vətənpərvərlik hissi ilə rəşadətli Azərbaycan əsgərinə ünvanlanan məktublarda Murov zirvəsini, Cəbrayılı, Suqovuşanı, Hadrutu yağı tapdağından azad edən igid oğullarımıza minnatdarlıq, böyük sevgi və sayğı bildirilərək onlara uğurlar və yeni qələbələr arzulayıblar.
Layihə çərçivəsində xalqımızın birliyini simvolizə edən bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılacaqdır. Tədbir zamanı həmçinin vətənpərlik mövzusunda müxtəlif çıxışlar səsləndirilmişdir.