İmişlidə bu günədək sahələrdən 2 min 272 tondan çox pambıq yığılıb.
Son illər dövlətin pambıqçılığın inkişafına göstərdiyi hərtərəfli dəstək İmişli rayonunda pambıq əkini ilə məşğul olan fermerlərin təsərrüfatın bu sahəsinə olan marağını xeyli artırıb. Bu səbəbdən də rayonda məhsul istehsalı hər il artmaqdadır. Yığıma vaxtında başlayan məhsul istehsalçıları qısa müddət ərzində sahələrdən 2 min 272 tondan çox məhsul toplayıblar. Yığılan pambığın 2 min tona yaxını pambıqyığan kombaynların köməyi ilə toplanılıb. Ötən gün isə pambıq sahələrindən 510 tondan çox “ağ qızıl” yığılıb ki, bunun da 470 tonu maşınlarla, 40 tonu əl ilə yığılmışdır. Hazırda pambıq sahələrində 33 pambıqyığan kombayn işləyir.
Qeyd edək ki, torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə nümunəvi qulluq göstərildiyindən bu il sahələrdə məhsul boldur və sahibkarlar yetişdirdikləri pambığın son qozasınadək toplamaq üçün bütün qüvvələrini sərf edirlər.