İmişlidə pambıq sahələrindən indiyədək 330 tondan çox məhsul yığılıb.
İmişlidə pambıq yığımına mütəşəkkil başlayan “ağ qızıl” ustaları indiyədək sahələrdən 330 tondan çox məhsul toplayıblar. Hər gün plantasiyalardan 90-95 ton pambıq toplanaraq qəbul məntəqələrinə göndərilir. Tədarük olunan məhsulun 85-90 faizi birinci növ kimi qəbul olunub.
Bu il rayonda 7 min 923,8 hektar sahədə pambıq əkilib. Ötən il sahələrdən 19 min 703 tondan çox məhsul toplayan fermerlər cari təsərrüfat ilində də bütün imkanlardan səmərəli istifadə edirlər. Rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu il tarlalarda məhsul boldur. Artıq rayonda kütləvi pambıq yığımına başlanılıb. Məhsul yığımı həm əl, həm də maşınlarla aparılır. Hər gün maşınlarla 85-90 ton məhsul toplanır.
Qaralar kənd sakini, təcrübəli pambıqçı Etibar Qasımov rayonda ən yüksək məhsuldarlığa nail olan fermerlərdəndir. O, ötən il becərdiyi pambıq sahəsinin hər hektarından 48,3 sentner məhsul götürməklə 29 ton pambıq yığıb. Fermerin sahəsində bu il də pambıq çoxdur.
“Rayon üzrə ən yüksək məhsuldarlığa nail olan fermerlər sırasındayam. Bu il 3 hektar sahədə məhsul becərmişəm. Bitkini aqrotexniki qaydada becərdiyimdən bol məhsul yetişib. Məhsulu maşınlarla toplayıram. İndiyədək 11 tondan çox pambıq yığmışıq. İlkin nəticə göstərir ki, bu mövsüm məhsuldarlıq ötən ildəkindən də yüksək olacaq”, - deyə fermer bildirib.
Qeyd edək ki, bu il imişlili pambıqçılar sahələrdən 22-23 min ton pambıq yığmağı qarşıya məqsəd qoyublar.