İmişlidə orta əsrə aid gözətçi qalasının qalıqları aşkarlanıb.
Son illər Azərbaycanda tarixi-mədəni abidələrin qorunub saxlanılması istiqamətində əhəmiyyətli layihələr icra olunur. Bu layihələr davamlı xarakter almaqla tarixi-mədəni irsimizin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində çox mühüm rol oynayır. İmişli rayonu ərazisində də tarixi keçmişlə bağlı maddi-mədəniyyət abidələrinin izləri çoxdur. Arxeoloji qazıntılar zamanı tapılmış Kür-Araz mədəniyyətinə aid saxsı məişət əşyalarının ən azından üç min ildən çox yaşı vardır. Bu isə İmişlinin hələ qədim zamanlardan yaşayış məskəni olduğundan xəbər verir. İmişlidə XII-XIV əsrlərə aid Qızıl Təpə, Muxor Təpə, Qara Təpə, Yeddi Kurqan, Dəyirman yeri, Qalaça yeri və s. tarixi abidələr mövcuddur.
Rayon ərazisində yerləşən Qızıltəpə adlı yaşayış məskənində arxeoloqlar tərəfindən növbəti qazıntı işlərinə başlanılmışdır. Qazıntı zamanı ərazidə orta əsrə aid gözətçi qalasının izləri üzə çıxmışdır. İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Qızıltəpə adlı yaşayış məskənində aparılan işlərlə tanış olub. Ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru Mustafayev Mikayıl məlumat verərək bildirib ki, Qızıltəpə yaşayış məskəni müxtəlif tarixi dövrləri əhatə edən abidədir: “Şirvanşahlar dövlətindən Səfəvilərə qədər, həmçinin Ağqoyunlu və Qaraqoyunlu dövlətləri zamanı da bu ərazidə intensiv yaşayış məskənləri olub.
Araşdırmalar zamanı məlum olub ki, qalaya giriş tam məhduddur, yalnız bir istiqamətdən daxil olmaq mümkündür. Bu da onu deməyə əsas verir ki, Qızıltəpə qorunan bir qala olub. Qazıntılar zamanı gil və bişmiş kərpiclərdən ibarət hörgülər də üzə çıxıb. Bundan əlavə ərazidə xeyli sayda maddi mədəniyyət nümunələri də tapılıb. Hazırda təpədə qazıntı işləri davam etdirilir və tarixi abidənin alt təbəqələrində daha qədim dövrlərə aid izlərin olduğu bildirilir.