İmişlidə tərəvəz sahələrindən 848 tondan çox pomidor-xiyar yığılıb.
İmişlidə bu mövsüm 164.4 hektar sahədə tərəvəz əkilib ki, bunun da 42.8 hektarını pomidor, 46 hektarı isə xiyar sahəsidir. Məhsul istehsalçıları əkin sahəsində nümunəvi becərmə işləri apardıqları üçün plantasiyalarda məhsul ötən ildəki ilə müqayisədə qat-qat çoxdur. Bu il imişlili əkinçilər erkən yazda ümumilikdə 88.8 hektar sahədə pomidor-xiyar bitkisi becəriblər. Məhsul yığımına vaxtında başlayan torpaq sahibləri cari ilin 6 ayı ərzində 42.8 hektar pomidor, 46 hektar xiyar sahəsindən ümumilikdə 838.1 ton məhsul toplayıblar ki, bunun da 562.6 tonunu pomidor, 275.5 tonunu isə xiyar təşkil edir. Hər hektar pomidor sahəsinin məhsuldarlığı 248.9, xiyar sahəsininki isə 118.8 sentner olub. Hələ sahələrdə məhsul çoxdur. Mütəxəssislərin hesablamalarına görə bundan sonra sahələrdən daha min tona yaxın məhsul toplamaq mümkün olacaq. Fermerlər yetişdirdikləri məhsulu itkisiz toplamaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
Qeyd edək ki, imişlili əkinçilərin yarım ildə istehsal etdiyi pomidor-xiyar ötən ilin eyni dövrü ilə müqayisədə 319.6 ton çoxdur.